2 Haziran 2013 Pazar

uşaq xoşbəxtliyi

Bəlkə də, bu şəklə ilk baxanda şəklin Fələstində, İraqda, Əfqanıstanda çəkildiyini və ya dilənən bir uşaq olduğunu düşünə bilərsiniz (hansı ki, uşağı görəndə mən də dilənçiyə bənzətmişdim).
Nə bu şəkil Fələstində, Əfqanıstanda çəkilib, nə də uşaq dilənçidir. Bu şəkil "inkişaf edən", "çiçəklənən", "güclü iqtisadiyyyata malik olan" neft ölkəsində, Azərbaycanda çəkilib.
Bu uşaqla bugün avtobusda rastlaşdım. Əvvəlcə özünü, çirkli ayaqlarını,səliqəsiz saçını, xəstə qardaşını və yanındakı iki qadını görəndə onların dilənçi olduğunu düşündüm. Sonradan məlum oldu ki, dilənçi deyillər. Sadəcə, çox kasıbdırlar.
Bu 4-5 yaşlı uşaqsa özündən yaşca böyük, əqli yerində olmayan xəstə qardaşını gəzdirir, ona nəvaziş göstərir.
Demək olar ki, həyatının yükü yaşına görə çox ağırdır. Nə baş verdiyini anlamasa da, digər uşaqların əlindəki oyuncaqlara baxıb aradakı fərqi anlaya bilər, ən azından. Victor Hüqonun "Səfillər" romanında belə bir cümləyə rast gələ bilərsiniz  "gəlinciyi olmayan bir qız uşağı, demək  olar ki, uşağı olmayan bir qadın qədər bədbəxt,çarəsizdir".
Amma bu kiçik qızın gözlərində ümid, üzündə xoş bir təbəssüm var idi, gəlinciyi olmasa belə. Məni də cəlb edən bu oldu. Təkcə gözlərinə baxsan, içində xoşbəxtlik, ümid, sevinc görmək olar.
Şəklin çəkmək üçün özündən icazə alanda, eyni təbəssümlə razı olduğunu başıyla təsdiqlədi.
Düşəndə isə, "çox sağol" dedi, qardaşını qaldırıb, əlindən tutaraq getdi.Üzündəki təbəssüm solmurdu.
Bu səhnə mənə çox təsir etdiyi üçün sizinlə paylaşmaq istədim.
Uşağın bu yaşda bu həyatı yaşamasında kimdir günahkar?  Evlənməyə haqqı olmayan kasıblar, yoxsa dövlərin uğurlu siyasəti?